Salix pentandra var. angustifolia
Dəfnəyarpaqlı söyüd (lat. Salix pentandra) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Avrasiyanın meşə və çöl zonalarını əhatə edir.
== Botaniki təsviri ==
Hündürlüyü 16 m-dək (bəzən 3- 5 m), gövdəsinin diametri 75 sm olan yumurtavari çətirli ağac və ya şaxələnmiş kiçik koldur. Cavan budaqları yapışqanlıdır, illik budaqları qara-qonur və ya sarımtıl rəngli, çılpaq və parlaqdır. Qoca gövdələrinin qabağı boz və ya tünd qonur, yarıqlı və pulcuqludur. Tumurcuqları yumurtavari, əyilmiş, hər iki tərəfi qonur, parlaqdır. Yalançı zoğları uzunsov və ya enli-yumurtavari, vəzicikli dişli, tez töküləndir. Yarpaqları möhkəm, dərili, üstü tünd yaşıl, parlaq, alt tərəfi açıq, yumurtavari-uzunsovdan enli-lansetvari, uzunluğu 5-13 sm, eni 2-4 sm, bünövrəsi küt, ucu iti, tamam çılpaqdır. Saplağı çılpaq, uzunluğu 0,2-1,4 sm-dir.