Rəhimabad (Zəngibasar)
Rəhimabad - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd.
== Tarixi ==
Rayon mərkəzindən 9 km məsafədə yerləşir. Zəngibasar (Masis) rayonu təşkil edilənədək (14 yanvar 1969) Vağarşabad (Eçmiədzin) rayonunun tərkibində olmuşdur.
== Etimologiyası ==
Toponim Rəhim şəxs adı ilə fars dilində «çoxlu tikinti, yaşayış üçün hər cür şəraiti olan» mənasında işlənən abad sözünün birləşməsindən əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
== Əhalisi ==
Kənddə 1886-cı ildə 113 nəfər, 1897-ci ildə 183 nəfər, 1904-cü ildə 131 nəfər, 1914-cü ildə 223 nəfər, 1916-cı ildə 246 nəfər, 1919-cu ildə 601 nəfər yalnız azərbaycanlı yaşamışdır.
1919-cu ilin sonlarında azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndi Ermənistan adlanan yerdə sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 152 nəfər, 1926-cı ildə 242 nəfər, 1931-ci ildə 188 nəfər, 1987-ci ildə 500 nəfərdən artıq azərbaycanlı yaşamışdır.