Rəhimə Pərəstu Sultan
Rəhimə Pərəstu Sultan (1826, Çərkəzistan – 1904, Maçka) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri, 34-cü Osmanlı sultanı II Əbdülhəmidin mənəvi anası və Osmanlı tarixinin son validə sultanı.
I Əbdülhəmidin qızı və Sultan Əbdülməcidin bibisi olan Əsma Sultan İstanbuldakı köşklərində mükəmməl bir həyat yaşayırdı. Ancaq yenə də bədbəxt idi. Çünki bir övladı olmamışdı. Nəhayət uzun müddət sonra, Şimali Qafqazdakı ubix əsilli ailələrin birindən bir övlad alıb böyütməyə qərar verdi. Bu isə Gök bəy Gögenin bir yaşlı qızı Rəhimə oldu. Uşaq o qədər incə və zərif idi ki, adı dəyişdirildi və farsca qaranquş mənasına gələn Piristü adı verildi. Əsma Sultanın sarayında mükəmməl saray təhsili alan Rəhimə Pərəstu Sultan əsl sultan kimi böyüdüldü.
Sultan Əbdülməcid vəliəhd olduğu illərdə tez-tez bibisini ziyarət edir, onun tövsiyələrini dinləyirdi. Sultan olduqdan sonra da bu ziyarətləri davam etdi.