Azərbaycan-Gürcüstan hərbi müdafiə sazişi (1919)
Azərbaycan–Gürcüstan hərbi müdafiə sazişi — Denikin qoşunlarının təcavüzü təhlükəsinə qarşı iki respublika arasında qarşılıqlı müdafiə haqqında 1919-cu ilin iyunun 16-da Tiflisdə imzalanmış sənəd.
== Müqavilənin imzalanması və şərtləri ==
Sazişi Azərbaycan tərəfdən xaric işlər naziri Məmməd Yusif Cəfərov, hərbi nazir Səməd bəy Mehmandarov, Baş Qərərgah rəisi general-leytenant Süleyman bəy Sulkeviç, Gürcüstan tərəfdən xarici işlər naziri Yevgeni Gegeçkori, hərbi nazir Noy Ramişvili, hərbi nazirin müavini general-mayor Aleksandr Gedevanov və general İlya Odişelidze 3 il müddətinə imzalamışdılar. Müqavilənin şərtləri belə idi:
Saziş əqd edən hökumətlər borclu olurlar ki, iki tərəfdən birinin və ya ikisinin istiqlaliyyətini və ya tamamiyyətimülkiyyəsini [torpaq bütünlüyünü] təhdid edən hər cür hücum və təcavüz əleyhinə müttəhidən [birgə] bütün müsəlləh qüvvələri və hərbiyyə vəsaili [silahlı qüvvǝlǝri vǝ hərbi vasitələri] ilə çıxsınlar. Qeyd: Bu maddə, Zaqafqaziya cümhuriyyətləri arasanda təyin edilib qurtarmamış sərhəd məsələsi üzərində qalxa biləcək ixtilaflı sərhəd məsələlərinə şamil deyildir.
Hərgah qonşu hökumətlərdən birisi birinci maddə mövcibincə [birinci maddǝyǝ ǝsasǝn] hərəkati-hərbiyyə açdığı zaman silah gücü ilə sərhəd mübahisəsini həll etmək qəsdi ilə bir və ya müttəfiq cümhuriyyət üzərinə hücum etsə, o zaman həmin hökumət müharib [savaşan] tərəf ədd [hesab] ediləcəkdir.
Həmin saziş müdafiə xasiyyətini haizdir [xüsusiyyətini daşıyır]. Hərgah iki tərəfdən birisi öz təşəbbüsatı ilə qabaqcadan, saziş olmadan müharibə elan edib hərəkati-hərbiyyə başlarsa, digər tərəf bu müharibə hərəkatında iştirak etməyə borclu deyildir.
Hər iki tərəf borclu olurlar ki, onların aralarında çıxa biləcək sərhəd mübahisəsini saziş və ya həkəm [arbitr] vasitəsilə həll etsinlər. Burada çıxarılan qərar hər iki tərəf üçün qəti və məcburi ədd edilməlidir.
Həmin saziş üç ilin müddətinə əqd edilir.