Sürəməlik
Sürəməlik yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Nəhəcir kəndindən 3 km qərbdə, təpəlik ərazidə yaşayış yeri.
Yaşayış yerində orta əsrlər dövrünə aid dördkünc formalı tikili (2 x 3 m, 3 x 5 m) qalıqları möhrədən və çiy kərpicdən tikilmişdir. Təbii aşınma səbəbindən tikililər xeyli dağılmışdır. Tikililərin özül hissəsi qaya parçalarından və çay daşlarından ibarətdir.
AMEA Naxçıvan bölməsinin ekspedisiyası tərəfindən qeydə alınmış, mədəni təbəqənin 1-3 metr olması müəyyən edilmişdir. Ərazisində bir ədəd batmış kəhriz və heyvan saxlamaq üçün kahalar vardır. Ərazisi təqribən 4 ha olan yaşayış yeri bir tərəfdən dərin yarğan, digər tərəfdən düzənlik əraziyə uzanır. Yerüstü keramika məmulatlarına əsasən yaşayış yerini XVI-XX əsrlərə aid etmək olar. Ehtimal etmək olar ki, yaşayış yeri dərənin digər tərəfindəki yaşayış məskənləri ilə eyni dövrdə olmuşdur. Yerli sakinlər XX əsrin əvvəl lərində erməni qəsbkarlarının hücumuna məruz qalan əhalinin qonşu Qahab, Sirab kəndlərinə köçdüklərini söyləyirlər.