Mancur göyrüşü
Mancur göyrüşü (lat. Fraxinus mandshurica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Şərqi Asiyada iynəyarpaqlı və enliyarpaqlı meşələrin əsas ağaclarından biridir. Rusiyanın Primorsk diyarı və Saxalin vilayətində, Koreyada, Çində, Yaponiyada yayılmışdır.
== Botaniki təsviri ==
Bu növ adi göyrüşə oxşardır. Hündürlüyü 25 m, diametri 1,5 m olan, birinci dərəcəli ağacdır. Gövdəsi düz, sütunvari, çətiri yuxarı qalxmış, enli-yumru, zərifdir. Cavan ağaclarda nazik yarıqlarla örtülmüş, yaşlandıqda rəngi bozdan tünd bozadək dəyişir. Zoğları və cavan budaqları tünd sarı və ya qonur rəngli, ağtəhər pulcuqlu, tumurcuqları qara və ya qara-qonur, çılpaqdır. Mayın əvvəllərində yarpaqları açılanadək çiçəkləyir, meyvələri sentyabrın axırları – oktyabrda yetişir, qış ərzində tökülür.