Xərə-Zirə adası palçıq vulkanı
Xərə-Zirə adası palçıq vulkanı - Azərbaycan Respublikasının palçıq vulkanlarından biri.
Xərə Zirə adası palçıq vulkanı Cənubi Xəzərdə neft və qaz yataqları ilə əlaqəsi olan vulkanik ada qurğularının xarakter nümunəsidir. Sahəsi 3,5 km² olan ada, dil və əlavə çıxıntısı istisna olmaqla, oval formaya malikdir və uzununa qırılmalarla mürəkkəbləşmiş pliosen-holosen çöküntüləri üzrə gömülmüş qalxımın tağında yerləşən nəhəng palçıq vulkanının krateri və krater bəndinə cavab verir. Krater meydançası dəniz səviyyəsindən yüksəkliyə qalxmışdır və burada həm fəaliyyətsiz, həm də qaz və lilli palçıq ifraz edən qrifonları müşahidə etmək mümkündür. Adanın ətrafında və açıq dənizdə suyun üzərində qaz ifrazatları və zəif neft pərdəcikləri açıq-aydın görünür. Vulkanın ilk dəfə sənədləşdirilmiş püskürməsinin qeydə alınma tarixi 1810-cu ilə aiddir və o vaxtdan bu günə kimi onun aktivliyinin 13 paroksizmi qeydə alınmışdır ki, onların da axırıncısı 2006-cı ilin payına düşür.