Avqust Yoxmus
Avqust Cakomo Yoxmus (alm. August Giacomo Jochmus;27 fevral 1808, Hamburq – 14 sentyabr 1881, Bamberq, Bavariya) — Almaniya hərbi və siyasi xadimi. Avstriya imperiyası leytenant feldmarşalı və Almaniya ittifaqının naziri. O, həyatını yunan, ingilis, ispan və osmanlı dövlətlərinə hərbi xidmətdə keçirib, 1849-cu ildə Almaniya ittifaqının Frankfurt Parlamentində qısa müddət xarici işlər naziri və Hərbi Dəniz Qüvvələri naziri olub və Avstriya leytenantı feldmarşalı kimi karyerasını başa vurub.
== Həyatı ==
Avqust Yoxmus XIX əsrdə müxtəlif xarici ölkələrin ordusunda xidmət edən və karyerasının sonunda Avstriya ordusunda general rütbəsinə yüksələn, lakin praktiki olaraq artıq orada xidmət etməyən bir qəribə hərbçi taleyinə malikdir.
Əvvəlcə o, ticarətlə məşğul olub, daha sonra Parisdə hərbi elmə yiyələnib. 1827-ci ildə, 19 yaşında Yunanıstana getmiş və burada general Riçard Kurçun adyutantı kimi yunanların Osmanlı imperiyasına qarşı üsyanında iştirak edib. O, 20 yaşında kapitan olub, sonra Yunanıstan Müharibə Nazirliyində baş qərargah zabiti vəzifəsində çalışıb.
Milli Partiyanın daimi intriqalarından qəzəblənən Yoxmus 1835-ci ildə İngiltərəyə yola düşür. Oradan o, ingilis-ispan Xarici Legionu ilə birlikdə İspaniyaya gedir.