Nazan Ölçər
Nazan Əhməd qızı Ölçər (1942, İstanbul) — Türkiyə sənət tarixçisi, muzeyşünas, elmlər doktoru, professor, Xalça və kilim sahəsində dünya miqyasında tanınmış bir mütəxəssis, 1978–2003-cü illərdə Türk və İslam Əsərləri Muzeyinin müdiri kimi fəaliyyət göstərmişdir. 2003-cü ildən etibarən Sakıp Sabancı Muzeyinin müdiri.
Nazan Ölçər 1942-ci ildə İstanbulda anadan olmuşdur. Atası Azərbaycanın görkəmli mühacir alimi, İstanbul Universitetinin professoru Əhməd Cəfəroğludur. Türk etnoqrafiyası sahəsində dərin biliyə malik olan atasının yanında xalça və kilim bilgiləri aldı. Orta mktəbi və lisey təhsilini Sankt Georg Avstriya Qız Lisesində tamamlamışdır.
1962–1969-cu illər arasında Almanyanın Münxen Lüdviq Maximilian Universitetində etnologiya, erkən dövr tarixi, Yaxın Şərq tarixi və mədəniyyətləri sahələrində təhsil almşdır. Hans Joachim Kisslingin elmi rəhbərliyi ilə doktorluq dissertasiyası müdafiə etmişdir.
Universitet təhsili dövründə Münxen Universiteti Etnologiya Bölümü kolleksiyalarında muzeyçilik çalışmalarına başlamışdır. Universiteti bitirdikdən sonra Münxen və Vyana Etnologiya Muzeyləri, habelə Berlin İslam Sənətı Muzeyində təcrübə keçmişdir.