BTC
Bakı-Tbilisi-Ceyhan boru xətti və ya rəsmi adı ilə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri — Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli, Şahdəniz yataqlarından Türkiyənin Ceyhan limanına, oradan Aralıq dənizi vasitəsilə Avropa bazarlarına nəqli kəməri.
Bundan əlavə, Türkmənistandan gələn xam neft də bu boru kəməri ilə nəql edilir və 2013-cü ilin oktyabr ayından etibarən Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkəti (BTC Co) Qazaxıstanda hasil edilən Tengiz xam neftinin bir hissəsini də BTC boru kəməri vasitəsilə nəql etdirməyə başladı. Bütün Xəzər regionu üzrə strateji əhəmiyyətə malik olan Bakı-Tbilisi-Ceyhan Magistral İxrac Boru Kəmərinin işə salınması üçün intensiv işlər həyata keçirilmişdir. BTC boru kəməri regionda hasil edilən getdikcə artan neft həcmini dünya bazarlarına nəql etməyə imkan verir, çoxşaxəli beynəlxalq iqtisadi əməkdaşlığın inkişafını və bu sahədə Azərbaycanın uzun müddətli maraqlarını dəstəkləyir.
Uzunluğu 1768 kilometr olan xəttin Azərbaycandan (443 km), Gürcüstandan (249 km) və Türkiyədən (1076 km) keçir. Boru xəttinin diametri Azərbaycan və Türkiyə daxilində 42 düym (106,68 santimetr), Gürcüstanda isə 46 düymdür (116,84 santimetr). Türkiyədə Ceyhan Dəniz Terminalına doğru son hissəsində boru xəttinin diametri azalaraq 34 düyməyə (86,36 santimetr) enir.
1994-cü ilin sentyabr ayında Bakıda Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarının istifadə edilməsi barədə "Əsrin müqaviləsi" adlanan müqavilə imzalandı.
Bakı-Tbilisi-Ceyhan boru xəttidən sonra Azərbaycanda və Qafqazda ən böyük layihə Bakı-Tbilisi-Qars dəmiryolu xətti dəmiryolu layihəsidir.
== Tarixi ==
Bakı-Tbilisi-Ceyhan ilə əlaqədar ən əhəmiyyətli hadisələrdən biri 1999-cu il noyabr ayının 18-də İstanbulda keçirilən Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) konfransında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyətinin o zamankı Prezidentləri Eduard Şevardnadze və Süleyman Dəmirəlin iştirakı ilə "Xam Neftin Bakı-Tbilisi-Ceyhan Magistral İxrac Boru Kəməri vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən nəql edilməsi" haqqında saziş imzalanmışdır.