Mirzə Bəylər
Mirzə Bəylər (1837, Zod – 1919) — Göyçəli el şairi.
El şairi Mirzə Bəylərin həyat və sənət yolunda atası Kazımın xüsusi rolu vardır. O, özü savadlı, tərəqqipərvər olduğu üçün oğlu Bəylərin təhsilinin qayğısına qalmış, oğlunun ərəb, fars, rus, fransız dillərində mükəmməl təhsil almasına nail olmuşdur. Doğma kəndi Zodda Axund Qafarın yanında 4 il ruhani məktəbində və təxminən 1870–1880-ci illərdə İrəvanda rus-tatar məktəbində, daha sonra Kəvərdə gimnaziyada təhsil almışdır. Çox dil bilməsinə və yaxşı xəttat olmasına görə el arasında ona "Mirzə Bəylər" — deyə müraciət edərmişlər. Qabiliyyəti, istedadı ilə məşhur olan Mirzə Bəylər uzun müddət İrəvan quberniyasının dəftərxanalarında, İqdırda təxminən 19 il general Koçelinin yanında tərcüməçi və katib, Irəvan quberniyasının Məzrə qəza məhkəməsində Boqoslovskinin katibi işləmiş, bundan sonra Türkiyəyə işə göndərilmişdir. Türkiyədə olarkən Məşhəd şəhərinə ziyarətə getdiyinə görə ona Məşədi Bəylər deyə müraciət edirmişlər.
M. Bəylər xidmət müddəti başa çatdıqdan sonra Zodda təsərrüfat işləri ilə məşğul olur, eyni zamanda kənddə iki su dəyirmanı inşa edib, camaatın ixtiyarına vermişdir. O, "Molla Nəsrəddin" jurnalının abunəçisi olmuş, şeirin, sənətin, sənətkarın qədrini bilmiş, Mirzə Ələkbər Sabir xəstə olarkən "Molla Nəsrəddin" yurnalı redaksiyasının ünvanına şairin müalicəsi üçün Hacı Əliş Ağa ilə birlikdə 20 manat qızıl pul göndərirlər. Mirzə Bəylər dövrünün aşıqlarından Dədə Ələsgər və Aşıq Hüseyn Şəmkirli ilə dostluq etmişdir.