Corc Merker Douson
Corc Merker Douson (1 avqust 1849 – 2 mart 1901, Ottava) – Kanada geoloqu, təbiətşünas, etnoqraf. 1891-ci ildən London Kral Cəmiyyətinin üzvü, 1893-cü ildən isə Kanada Kral Cəmiyyətinin prezidenti.
== Bioqrafiyası ==
Uşaqlıqda keçirdiyi ağır onurğa vərəmi xəstəliyindən sonra əlil olmuşdur. 1872-ci ildə Kenqistonda Kral Dağ-mədən məktəbini bitirdikdən sonra Kvebekdə Morrin kollecində kimyanı tədris etmişdir. 1873–75-ci illərdə 49-cu paralel üzrə Amerika-Kanada sərhədində Britaniya sərhəd komissiyasının ekspedisiyasında geoloq və botanik kimi iştirak etmişdir. Bu ekpedisiyanm nəticələri haqqında onun məruzəsi Kanada geologiyasının klassik işi kimi qəbul edilmişdir.
1875-ci ildən Kanada Geologiya Xidmətinin əməkdaşı, 1895-ci ildən isə direktoru olub. Kompleks çöl tədqiqatı aparmış və Qərbi Kanadanın geoloji xəritəsini tərtib etmişdir. Onun xəritə və hesabatları Qərbi Kanadanın təbii potensialı, orada məskunlaşma, aqrar-sənayenin inkişafı, haqqında mühüm informasiya mənbəyi idi. Xəritədə qeyd olunmuş Kaynozoy liqnitləri Kanadanın meşəsiz rayonları üçün əsas yanacaq mənbəyi idi.