Xallıq İşbara Yabqu xaqan
Xallıq İşbara Yabqu xaqan (əsl adı Aşina Helu 阿史那賀魯, taxt adı İşbara xaqan 沙缽略可汗) — Nuşibilər tərəfindən dəstəklənən Qərbi Göytürk xaqanlığı xaqanı. Son müstəqil xaqandır.
== İlk illəri ==
Atası Qafqaz tudunu Böri şad idi. Yabqu titulunu 633-cü ildə Nişa Tulu xaqandan almışdı. Nuşibilərin dəstəyi ilə İrbis Şekuy xaqana qarşı 646-cı ildə üsyana cəhd etmiş, lakin məğlub olub Çinə qaçmışdı. 651-ci ildən öncə isə Tan sülaləsində bir sərkərdə idi.
== Xaqanlığa gəlişi ==
651-ci ildə Çinə üsyan edərək xaqan olmuşdu. Xaqanlığa gəldikdən sonra İşbara Teriş xaqanın ayırdığı Nuşibi aymaklarına teginlər təyin etmişdi:
Asiqi Küyü Tegin
Qeşu Küye Tegin
Basayqan Dunşibo Tegin
Asiqi Nişu Tegin
Qeşu Çoban Tegin
Tulu aymaklarına isə çorlar təyin etmişdi:
Çumuqun Çor
Xuluvu Kyüe Çor
Neşetidun Çor
Tuçişi Xeloşi Çor
Şunişi Çoban Çor.
== Sonrakı illəri ==
Xaqanlığı əvvəl Tan sülaləsi ilə dost şəraitdə idarə edən xaqan getdikcə işğalçı siyasətə keçdi. 651-ci ilin payızı Çinin qərbinə — indiki Sincan və Qansuya hücuma keçdi.