Mirmahmud Kazımovski
Mirmahmud Mirələkbər oğlu Kazımovski (27 fevral 1882, Bilgəh, Bakı qəzası – 1 dekabr 1940, Bakı) — Azərbaycan aktyoru, pedaqoq, dramaturq, bir sıra birpərdəli pyeslərin, vodevillərin və musiqili komediyaların müəllifi, rejissor, 1906-cı ildə yaradılmış Bakı Müsəlman teatrının ilk üzvlərindən biri və təşkilatçısı, Azərbaycan SSR əməkdar artisti (1938).
Mirmahmud Kazımovski 1882-ci ildə Bakının Bilgəh kəndində anadan olmuşdur. İlk təhsil illərini Hüseyn Ərəblinski ilə birlikdə alan Mirmahmud sonralar onunla möhkəm dost olmuşdur. Hələ məktəbdə oxuyarkən onlar dram dərnəklərində fəaliyyət göstərmiş, bir sıra epizodik rollarda çıxış etmişlər.
Sonralar Mirmahmur Kazımovski peşəkar artist kimi tanınmağa başladı. O, Qoqolun "Müfəttiş"ində Filippoviç, Nəcəf bəy Vəzirovun "Pəhləvani Zəmanə" əsərində Cahangir bəy, Şəmsəddin Saminin "Gavə" əsərində zabit və kəndli rollarında, "Müsibəti-Fəxrəddin" əsərində Əhməd rolunda, eyni zamanda bir sıra Qərbi Avropa dramaturqlarının əsərlərində uğurla çıxış etmişdir. Bu əsərlərin içərisində Uilyam Şekspirin "Otello" faciəsi xüsusi yer tuturdu.
Mirmahmur Kazımovskinin ən böyük uğurlarından biri də Azərbaycanda qadınların teatr səhnəsinə hələ qalxmadıqları bir dövrdə qadın rollarını gözəl ifa etməsi idi. O, Leylinin anası, eyni zamanda altıncı və yeddinci ərəb rollarında çıxış etmişdir.
Mirmahmud Kazımovski təkcə aktyor deyildi, o, həm də ədəbi yaradıcılıqla məşğul olurdu.