Mürsəl Qarayev
Mürsəl Əbülfəz oğlu Qarayev (4 noyabr 1919, Fatmayı, Bakı qəzası – 26 sentyabr 1975, Bakı) — Azərbaycan cərrahı, tibb elmləri doktoru, Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı.
== Həyatı ==
Mürsəl Qarayev 4 noyabr 1919-cu ildə Fatmayıda həkim-pediatr, Azərbaycan Tibb İnstitutunun pediatriya kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Əbülfəz Qarayevin ailəsində anadan olmuşdur. 1938-ci ildə Bakı şəhəri 23 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb İnstitutuna daxil olmuş və 1942-ci ildə buranın müalicə-profilaktika fakültəsini bitirmişdir. O, hələ institutun sonuncu kursunda oxuyarkən hospital cərrahiyyə kafedrasında subordinator kimi cərrahi fəaliyyətə başlamışdır.Mürsəl Qarayev institutu bitirdikdən sonra 1942-ci ilin avqustun 25-də sovet ordusu sıralarına çağırılır. O, Qafqaz cəbhəsi 65-ci xüsusi moto-atıcı briqadasının seçmə-qəbul məntəqəsində ordinator-cərrah çalışır. Yaralandıqdan və bir müddət müalicə olunduqdan sonra 1943-cü ilin avqust ayından 1945-ci ilin oktyabrınadək döyüşən orduda, 482-ci Tibb-Sanitar Batalyonunda həkim-cərrah kimi xidmət edir. O, müharibə dövründə ön cəbhələrdə olmuşdur. 10-cu qvardiya korpusunun 4-cü briqadasında xüsusi atıcı qvardiya batalyonunda həkim-cərrah vəzifəsində çalışmışdır. M. Qarayev Novorossiysk, Mozdok, Qroznı, Georgiyevsk və Krasnodar uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş və Kursk dairəsi döyüşlərində isə hərbi eşalonun baş həkimi olmuşdur. Budapeşt ətrafındakı döyüşlərdə daha bir dəfə yaralandıqdan sonra o, ordudan tibb xidməti kapitanı rütbəsində tərxis olunmuş, bir sıra orden, medal və başqa təltiflərə layiq görülmüşdür.M. Qarayev Vətən Müharibəsi Veteranları Cəmiyyətinin üzvü olmuşdur.