Qocalar, qocalar... (film, 1982)
Filmin baş qəhrəmanı qoca çoban Bəhri (Ələddin Abbasov) təqaüdə çoxdan çıxmalı idi, hər halda şəhərə köçmüş, yaxşı vəzifələrdə işləyən, atalarına sakit və rahat həyat arzulayan üç oğul belə düşünür. Lakin Bəhri bütün varlığı ilə doğma dağlara bağlıdır. Buna görə də o, uşaqlarının rahat və isti mənzilində qala bilmir. Doğma dağ kəndinə, həmkəndlilərinin yanına qayıdır. Bəli, onun əsl yeri buradadır, vaxtilə ocağını yandırdığı kəndindədir. Burada o özünü güclü, inamlı hiss edir və başa düşür ki, məhz burada o adamlara lazımdır.
Kinolentdə müəlliflər həyatın mənası, Vətənə məhəbbət, düzgün yol seçmək, cəmiyyətə xeyir vermək kimi çox vacib məsələlərə toxunurlar.
Film rejissor Elxan Qasımovun quruluşçu rejissor kimi kinoda ilk işidir.
Film aktrisa Firəngiz Mütəllimovanın kinoda ilk işidir.
Film yazıçı Əhmədağa Qurbanovun "Çobanbayatı" povestinin motivləri əsasında çəkilmişdir.