Aorta qövsü
Aorta qövsü – lat. Arcus aortae ikinci sağ döş-qabırğa oynağının bərabərində qalxan aortanın ardını təşkil edib çıxıq tərəfi yuxarıya çevrilmiş bir halda sola və arxaya doğru gedir və 4-cü döş fəqərəsinin bərabərində onurğanın sol tərəfində enən aortaya keçir; bunun uzunluğu 5–6 sm-ə bərabərdir və enən aorta ilə hüdudunu arterial bağın (lat. lig. arteriosum) bağlanan yeri təşkil edir. Aorta qövsü sol bronxun kökünü yuxarıdan çarpazlayır və sağ tərəfdə sağ orta divar plevrasına, arxada isə qida borusunun sol tərəfinə söykənir. Sintopiya cəhətcə aşağıda göstərilən üzv, sinir və damarlarla rabitədədir: ön tərəfdə – hüzrəli toxuma qatı və çəngələbənzər vəzi, dal tərəfdə – nəfəs borusu, lat. n. reccurens sinister və qida borusu, sağ tərəfdə – yuxarı boş vena, solda və bir az ön tərəfdə – lat. n. vagus sinister və sol diafraqma siniri, yuxarı tərəfdə – sol adsız vena və aşağı tərəfdə sol bronx ilə sağ ağciyər arteriyası olur.