Sarırəmə yaşayış yeri
Sarırəmə yaşayış yeri — Şəmkir rayonunun Bayramlı kəndindən təxminən 2 km qərbdə, Gəncə-Qazax şossesindən 2 km şimalda yerləşir. Abidə hündürlüyü 5 m-dən artıq, sahəsi geniş olub qərbdən şərqə doğru uzanan təpə formasındadır. Təpənin cənub-şərq tərəfindən Şaharxının qazılması nəticəsində mədəni təbəqə qismən dağıdılmışdır və burada onu 120 sm dərinliyə qədər izləmək olur. Təpənin üzəri və ətəkləri saxsı qab qırıqları, obsidiandan oraq dişləri, tullantılar, digər alətlərin qırıqları ilə zəngindir. Yerüstü arxeoloji materiallar arasında çaxmaq daşından oraq dişinə, dən daşlarına, sürtkəclərə də təsadüf olunur. Sarırəmə yaşayış yeri son tunc dövrünə aid edilir.