Tacikistan İslam İnstitutu
Tacikistan İslam İnstitutu (Tİİ), (Tam adı: "İmam Əzəm adına Tacikistan İslam İnstitutu". Муассисаи давлатии таълимии «Донишкадаи исломии Тоҷикистон ба номи Имоми Аъзам») — Tacikistan Respublikasında İslam elmləri istiqaməti üzrə ixtisaslaşmış ali təhsil müəssisəsi. Hal-hazırda institutun rektoru "Zakirzoda Nusratullah Məlik"dir.
İmam Tirmizi adına İslam Mədrəsəsi 06.05.1997-ci ildə Tacikistan Respublikası Hökuməti yanında Dini İşlər üzrə Komitə ilə razılaşdırılaraq, Tacikistan Respublikası Müsəlmanları Cəmiyyətinin 218 nömrəli qərarı ilə keçmiş Müftilik İdarəsi ləğv edildikdən sonra dövlət qeydiyyatına alınıb.
İnstitut öz təhsil proqramlarını Tacikistan Milli Universiteti, Elmlər Akademiyası, Təhsil Universiteti, Misir Beynəlxalq Əl-Əzhər Universiteti, Respublika Təhsil Nazirliyi və Dini İşlər üzrə Komitənin ekspertlərinin köməyi ilə hazırlayıb, icra edir.
Bu institutun buraxılış imtahanları Dini İşlər üzrə Komitə, Elmlər Akademiyası, İslam İnstitutu və Tacikistan Milli Universitetinin professorlarından ibarət komissiyanın nəzarəti altında keçirilir.
İnstitutda kitabxana, 2 böyük tədris zalı, internetlə təchiz olunmuş kompüter tədris mərkəzi, ərəb və ingilis dillərinin tədrisi üçün xüsusi kabinlər, ailəyə uyğunlaşma mərkəzi fəaliyyət göstərir. Həmçinin, Rusiya Federasiyasının səfirliyi rus dilinin tədrisi üçün yüksək şəkildə təchiz olunmuş sinif otağı təşkil etmişdir. Bu İnstitut rus dilində dinin tədrisi üçün Rusiyanın Slavyan Universiteti ilə əməkdaşlıq edir.
Fakültələr:
İslam elmləri
Şərq filologiyası
Kafedralar:
Quran və hədis elmləri
İslam hüququ
Ərəb dili və ədəbiyyatı
Tarix və dinşünaslıq
Sosial elmlər
Təbii və informatika elmləri
Dillər
Pedaqogika və milli irs
Hazırda bu institutda 815 nəfər təhsil alır, onlardan 74-ü qızdır.