Hayaşi Tomonao
Hayaşi Şihey (林子平, 6 avqust 1738, Edo[d] – 28 iyul 1793, Senday) və ya əsl adı ilə Hayaşi Tomonao (林友直) – Edo dövründə yaşamış Yaponiya hərbi mütəxəssisi. Milli müdafiəni gücləndirmək və Rusiyaya qarşı hazırlıqlı olmaq barədə əsərlər yazmışdır. Rokumusay təxəllüsü ilə tanınmışdır.
== Həyatı ==
Hayaşi Şihey 1738-ci ildə Edo şəhərində doğulmuşdur. 1757-ci ildə Senday hanına – böyük qardaşının Date klanına qulluq etdiyi yerə köçmüşdür. 1767-ci ildən etibarən bir neçə dəfə Edoya gedərək təhsillə məşğul olmuşdur. O, Senday hanına təhsil islahatları və məhsuldarlığı artırmaq üsulları haqqında memoriallar təqdim etmişdir. 1775-ci ildən etibarən üç dəfə Naqasakiyə səyahət etmiş və burada Qərb elmləri ilə maraqlanmışdır.
Hayaşi Naqasakidə yaşayan holland tacirlərdən rusların cənuba doğru hərəkət etdiyini eşitdikdən sonra milli müdafiəni gücləndirməyin vacib olduğunu düşünmüşdür. Bu məqsədlə coğrafiya və hərb oxumağa başlamışdır.