Əli Mərdan bəy Topçubaşov
Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşov və ya Əlimərdan bəy Topçubaşi (az-əbcəd. علی مردان بك علی اکبر بك اوغلو توپچوباشف; 4 may 1862, Tiflis – 8 noyabr 1934, Paris, Üçüncü Fransa Respublikası) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri, Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci xarici işlər və portfelsiz naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü, Ümumrusiya Müəssislər Məclisinin üzvü, Bakı Müsəlman İctimai Təşkilatları Şurası İcraiyyə Komitəsinin sədri, Nicat Cəmiyyətinin sədri, Rusiya imperiyası I Dövlət Dumasında Müsəlman fraksiyasının sədri, Rusiya imperiyası I Dövlət Dumasının üzvü, İttifaqi-Müslimin Partiyasının sədri, Bakı Şəhər İdarəsinin rəisi, Bakı Şəhər Dumasının üzvü, Kaspi qəzetinin baş redaktoru.
Əlimərdan bəy Topçubaşov 1896-cı ildən sonra Bakı Şəhər Dumasının üzvü seçilmiş və oradakı fəaliyyəti ilə Bakıda tanınmağa başlamışdır. I Dövlət Dumasına üzv seçilməsi, Ümumrusiya Müsəlmanlar Qurultaylarında iştirak etməsi onu daha da məşhurlaşdırmışdır. 1917-ci ildən etibarən Azərbaycanın azadlığı uğrunda fəaliyyət göstərməyə başlayan Əlimərdan bəy İctimai Təşkilatların Şurasının sədri seçilmiş və Müsavat Partiyası ilə hazırlanan ortaq siyahı üzrə həm Bakı Şəhər Dumasına, həm də Ümumrusiya Müəssislər Məclisinə üzv seçilmişdir. Ümumrusiya Müəssislər Məclisinin ləğv olunmasından sonra təsis olunmuş Zaqafqaziya Seyminin, daha sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının üzvü olmuşdur.
1918-ci ildə Əlimərdan bəy Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri tərəfindən İstanbula fövqəladə səlahiyyətli səfir və nazir olaraq ezam olunmuş və burada başda VI Mehmed olmaqla bir sıra yerli və beynəlxalq əhəmiyyətli görüşlər keçirmişdir.
1918-ci ilin 7 dekabr tarixində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışında yekdilliklə parlamentin sədri seçilən Əlimərdan bəy sonrakı iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransına göndərəcəyi Nümayəndə Heyətinə üzv və sədr seçilmişdir.
1919-cu ildə bir sıra maneələrdən sonra Parisə çatan Əlimərdan bəy burada Azərbaycanın de-fakto və de-yure tanınması üçün bir sıra vacib görüşlər keçirmişdir. Bunlardan ən vacibi isə Amerika Birləşmiş Ştatlarının prezidenti Vudro Vilsonla olan görüş olmuşdur.