Köhnə Xanqızı kanalı
Köhnə Xanqızı kanalı (Orconokidze kanalı) - 1933-cü ildə istifadəyə verilən əkin sahələrini suvarmaq məqsədilə çəkilmiş magistral kanal.
== Tikilmə tarixi ==
Köhnə Xanqızı suvarma sistemi şimaldan Qarqarçay, cənubdan Araz çayı ilə həmsərhəd olan Mil düzünün orta hissəsində yerləşirdi. Köhnə Xanqızı kanalının IV-VI əsrlərdə tikildiyi güman olunur. Tarixi mənbələrdə bu kanalın adı Borlos kimi də çəkilirdi. Sonrakı illərdə Gavurarx adlandırılmışdır. Araz çayından təxminən eyni hissədə su götürməklə, çayın sağ sahili boyunca İranın Muğan düzündə əkin sahələrini suvarmaq məqsədilə çəkilmiş magistral kanalın adı da Gavurarx olmuşdur. Yararsız hala düşmüş kanal XIV əsrdə Teymurləng tərəfindən bərpa olunmuş, qarabağlı Əhməd bəy Cavanşir tərəfindən 1866-cı ildə Araz çayından 8 km uzunluğunda olan dağılmış hissə tikinti-bərpa işlərindən sonra Gavurarx adıyla kanal yenidən istifadəyə verilmişdir. Sonrakı illərdə suvarma sistemini bərpa etmək üçün təşəbbüslər olsa da, tikinti-bərpa işləri 1927-1933-cü illərdə görülmüşdür. Kanal istifadəyə veriləndə dövrünün tanınmış bolşeviklərindən biri, gürcü millətindən olan Qriqori Konstantinoviç Orconikidzenin şərəfinə Orconikidze kanalı adlandırılmışdır. Torpaq məcrada tikilmiş kanalın uzunluğu 64,5 km, su nəqletdirmə qabiliyyəti 33 m³/san idi.