Ənvər Həmidov (geoloq)
Ənvər Məhəmməd oğlu Həmidov (17 fevral 1952, Ərəfsə, Sisian rayonu) — SOCAR-ın Geofizika və Geologiya İdarəsinin Mühəndis geologiya və geodeziya şöbəsində geoloq, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru
Ənvər Həmidov 1952-ci il fevralın 17-də Zəngəzur mahalında Sisian rayonunun Ərəfsə kəndində anadan olmuşdur. 0, Ərəfsə kəndində səkkizillik məktəbi 1967-ci ildə bitirdikdən sonra orta təhsilini Naxçıvan şəhərində Əkbər Ağayev adına internat məktəbində 1969-cu ildə başa vurmuşdur.
Ənvər Həmidov 1975-ci ildə Bakı Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirərək “mühəndis-geoloq” ixtisasına yeni iş yerləriələnmişdir. O, həm də 1988-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Sənaye istehsalının təşkilatçıları” fakültəsində “Sənaye istehsalı təşkilatçısı” ixtisasına yiyələnmişdir.
Bundan sonra Ənvər Həmidov Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun aspiranturasını bitirmiş və dissertasiya işini müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi adını almışdır. O, bundan əlavə Moskva, Sankt-Peterburq və Voronej Dövlət Universitetlərində ixtisasartırma kursları da keçmişdir.
Ənvər Həmidov ali təhsili başa vurduqdan sonra təyinatla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Naxçıvan Geoloji-kəşfiyyat Ekspedisiyasına işə göndərilmişdir. O, baş texnik-geoloq kimi əmək fəaliyyətinə başlayaraq, tezliklə geoloq, böyük geoloq, baş geoloq və ekspedisiyanın baş mühəndisi vəzifələrində çalışmışdır. O, Naxçıvan Muxtar Respublikası ərazisində müxtəlif faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı işləri ilə məşğul olmuş, həmin işlərin yerinə yetirilməsinə başçılıq etmişdir.
Ənvər Həmidov Naxçıvan dərinlik qırılması ətrafında yayılmış üçüncü dövr maqmatik əmələgəlmənin yayıldığı sahələrdə civə, sürmə və nadir elementləri öyrənmiş, Əylis-Qoruqlar sahəsində sürmə, Naxçıvan filizli dərinlik qırılmasının perspektivli sahələrində kompleks faydalı qazıntılar, Paradaş çökəkliyinin mərkəzi hissəsində polimetal, Naxçıvançayın yuxarı hissəsində yerləşən Batabat sahəsində qızıl və kompleks filiz yataqları, Sakkarsu və Nəsirvaz sahələrində mis-molibden yataqlarının axtarışında, geoloji-kəşfiyyat işlərinin aparılmasında yaxından iştirak etmişdir.