İvan Anaşkin
İvan Anaşkin (tam adı: İvan İvanoviç Anaşkin, 1880, Tambov quberniyası -1938) — fəhlə hərəkatı iştirakçısı.
İvan Anaşkin Azərbaycanda sovet hakimiyyətinin qurulması uğrunda mübarizə aparmışdır. 1901-ci ildə Bakıya gəlmiş, 1905-ci ildən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (RSDFP) və Bakı fəhlə deputatları sovetinin üzvü olmuşdur. 1917-ci il Fevral inqilabından sonra bir sıra vəzifələrdə çalışmışdır:
RSDFP-nin bolşevik Bakı komitəsinin üzvü
Qırmızı hərbi drujinanın üzvü
Bakının Qaraşəhər rayonu fəhlə deputatları sovetinin sədri
Bakı Fəhlə Konfransı rəyasət heyətinin üzvü
1919-cu ilin aprelində Zaqafqaziya həmkarlar ittifaqları ölkə şurasının sədri, həmin ilin mayında RK(b)P Qafqaz ölkə komitəsinin üzvü seçilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra dövlət əleyhinə geniş pozuculuq fəaliyyəti göstərmişdir. Belə ki, Azərbaycan Hökumətinin yasaqlarına baxmayaraq, tətil komitəsinin əsas rəhbərlərindən biri olan Anaşkin ardıcıl tətillər təşkil etmiş, fəhlələri Hökumətə qarşı itaətsizliyə çağırmışdır. Bununla əlaqədar, dəfələrlə həbs olunmuşdur.
1920-ci ilin yazında Moskvaya, III Ümumrusiya Həmkarlar İttifaqları Qurultayına nümayəndə göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti elan edildikdən sonra Bakıya qayıtmış, partiya və təsərrüfat işlərində çalışmış, 1928-ci ildən AK(b)P MK-nın Mərkəzi Nəzarət Komissiyasında işləmişdir. Bir müddət Saratovda fəaliyyət göstərdikdən sonra, yenidən Azərbaycana qayıtmış, neft sənayesində texniki təhlükəsizlik üzrə institutun direktoru işləmişdir.