Azıx mağaraları
Azıx mağarası — Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında yerləşən, Qarabağın Quruçay dərəsində, Tuğ çökəkliyində, Quruçay çayının sol sahilində, çaydan 3 km aralıda, Quruçayın müasir yatağından 100–120 metr yuxarıda yerləşir. Qarabağın Xocavənd rayonunun Azıx və Salakətin kəndləri arasında, Füzuli şəhərindən 14 km şimal-qərbdə, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən mağara kompleksidir. Azıx mağarasının sahəsi 800 km²-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20–25 metrə qədərdir.
Azıx mağarası Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur. Mağara 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın "Paleolit Arxeoloji Ekspedisiyası" tərəfindən aşkar olunmuşdur. Aparılmış tədqiqat işləri zamanı on mədəni təbəqə aşkarlanmışdır. Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilmişdir.
1968-ci ilin iyununda Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin IV horizontunda apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənə aşkar olunmuşdur.