Maqomed Daudov
Maqomed Xojaxmedoviç Daudov (rus. Магомед Хожахмедович Даудов, çeç. Дауди Хожахьмадан Мохьмад; 26 fevral 1980, Mixaylovsk, Stavropol diyarı), həmçinin Lord təxəllüsü ilə də tanınır — çeçen əsilli Rusiya dövlət xadimi və siyasətçisi, 2007-ci ildə "Rusiya Federasiyasının Qəhrəmanı" fəxri adına layiq görülmüşdür. Çeçenistan Respublikası Parlament sədrinin güc sektoru üzrə birinci müavini (2010–2012), Çeçenistan Respublikasının Başçısı və Hökuməti Administrasiyasının rəhbəri (2011–2015). Çeçenistan Respublikası III çağırış (2015–2016) və IV çağırış (2016-cı ilin oktyabrından) Parlamentinin sabiq sədri.
Çeçenistan Respublikasının İqtisadi və İctimai Təhlükəsizlik Şurasının daimi üzvü (2015-ci ildən). Rusiya Federasiyası Federal Məclisi yanında Rusiya Federasiyası Qanunvericilər Şurasının üzvü (2016-cı ildən), "Vahid Rusiya" ümumrusiya siyasi partiyasının üzvü, partiyanın baş şurasının Rəyasət Heyətinə seçilib (2018), partiyanın regional şöbəsinin katibi seçilib (2019), Rusiya Federasiyası Prezidenti yanında Yerli Özünüidarəetmənin İnkişafı Şurasına daxil edilib (2019). Rəsmi KİV-də onun Rusiya dövlətçiliyinin gücləndirilməsinə yönəlmiş fəaliyyətləri və əldə etdiyi nailiyyətlər arasında terrorizmlə mübarizəyə əhəmiyyətli töhfələri vurğulanır. O bir sıra vəzifələrdə çalışmışdır:
Əhməd Kadırovın Təhlükəsizlik Xidmətində işçi (2002–2004), keçmiş bölük komandiri, sonra Çeçenistan Respublikası üzrə Daxili İşlər Nazirliyinin Şali rayonunun Daxili İşlər Şöbəsi üzrə xüsusi polis batalyonu komandiri (2004–2005), respublika OMONunun qərargah rəisi (2006–2007), Şali rayonunun Daxili İşlər Şöbəsi (2007–2010). Polis polkovniki, bir çox mükafata malikdir, o cümlədən iki "Cəsarət" ordeni (2005, 2006), Çeçenistan Respublikasının ən yüksək mükafatı "Kadırov" ordeni (2006), "Çeçenistan Respublikasının fəxri vətəndaşı" (2007), vəzifə borcunu yerinə yetirərkən göstərdiyi cəsarət və qəhrəmanlığa görə "Rusiya Federasiyasının Qəhrəmanı" fəxri adına layiq görülmüşdür (2007).