Divan (ədəbiyyat)
Divan (fars. ديوان — "hesab kitabı", "kontor") — Yaxın və Orta Şərq ədəbiyyatında bir şairin qısa lirik şeirlər toplusu. Şeirlər qafiyələrinin əlifba sırası ilə düzülür.
== Etimologiya ==
"Divan" sözü fars mənşəlidir, reyestr, xüsusən də vergi cədvəli, ümumiyyətlə dövlət işləri üzrə hesabların siyahıları, həmçinin bu hesabların aparıldığı yer mənasını verirdi. Fars dilindəki söz özü həmin dildəki "yazıçı" və ya "xəttat" mənasını verən "dibir" sözündən götürülmüşdür. "Divan" sözü sonradan Azərbaycan, erməni, gürcü, urdu və türk dillərinə keçmişdir.
"Divan" İslam mədəniyyətində müxtəlif mənalı söz olmuşdur. Bu, əvvəlcə ərəb istilalarının ilk dövründə xəlifə Ömərdən başlayaraq dövlət gəlirlərinin qeydə alındığı, siyahıların saxlanıldığı yer idi. Bundan sonra, Əməvilər və Abbasilər dövründə vergilər və maliyyə işləri ilə məşğul olan dövlət idarəsi idi. "Divan" termini digər hökumət idarələrində də tətbiq edilirdi.