Elgün Səfərov
Elgün Firdovsi oğlu Səfərov (5 iyun 1982) – hüquq üzrə fəlsəfə doktoru, Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin sədr müavini, beynəlxalq hüquq, insan hüquq və azadlıqları üzrə ekspert.
== Haqqında ==
Elgün Səfərov 5 iyun 1982-ci ildə anadan olmuşdur. 1999–2003-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsində bakalavr pilləsi üzrə ali təhsil almışdır. 2003–2005-ci illərdə BDU-nun Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin magistr pilləsini fərqlənmə dərəcəsi ilə bitirmişdir. Rus və ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var.
== Fəaliyyəti ==
=== Elmi və pedaqoji fəaliyyəti ===
O, 2005-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin aspiranturasına daxil olmuş, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Müasir dövrdə BMT-nin Təhlükəsizlik Şurasının beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsində fəaliyyəti (Beynəlxalq hüquqi məsələlər)" mövzusu üzrə elmi işini müdafiə etmişdir. 50-dən çox elmi əsəri Azərbaycanda, Ukraynada, Rusiya Federasiyasında və digər ölkələrdə çap edilmişdir. Elmi araşdırmaları əsasən insan hüquqlarının müdafiəsi, BMT-də islahatlar, Avropa İttifaqının qanunvericiliyi, beynəlxalq sülhün və təhlükəsizliyin müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi və s. mövzular üzrə olmuşdur.