Eltun İsgəndərov
Eltun Xaləddin oğlu İsgəndərov (21 oktyabr 1990, Əhmədbəyli, Samux rayonu – 18 iyun 2009, Cəlilabad rayonu) — əsgər, Azərbaycanın Milli Qəhrəmanı (2009).
== Həyatı ==
Eltun Xaləddin oğlu İsgəndərov 1990-cı il oktyabrın 21-də Samux rayonu Əhmədbəyli kəndində anadan olub. 1996-cı ildə Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul olunmuş, 2007-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.
== Hərbi xidməti ==
2008-ci ilin oktyabrında Samux rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Eltun İsgəndərov Sərhəd Qoşunlarında xidmət edib, özünü nümunəvi əsgər kimi göstərib.
Eltun İsgəndərov 2009-cu il iyunun 18-də İran İslam Respublikası istiqamətində, Cəlilabad rayonunun Əsədli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd pozucuları ilə döyüş zamanı Sərhəd Xidməti hərbçilərinin mövqelərinə atılmış qumbaranın üzərinə atılıb. Hadisə nəticəsində Eltun İsgəndərov şəhid olaraq ətrafdakı əsgər və zabitlərin həyatını xilas edib.
Samux rayonu Əhmədbəyli kənd qəbristanlığında dəfn edilib.
== Təltifləri ==
Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2009-cu il tarixli 349 saylı fərmanı ilə Eltun Xaləddin oğlu İsgəndərov "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
== Xatirəsi ==
2019-cu ilin iyununda Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinə Eltun İsgəndərovun adı verilib və məktəbin qarşısında büstünün açılışı olub.
== İstinadlar ==
== Ədəbiyyat ==
Fəxrəddin Quliyev, "Milli qəhrəmanlar", "Məktəb" qəzeti, №39(304), 20 oktyabr 2014-cü il.