Gömrük Tarixi Muzeyinin filialı
Gömrük Tarixi Muzeyinin filialı — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin muzeyi. Bakı şəhərində yerləşir.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Tarixi Muzeyinin "Azərterminalkompleks" Birliyinin nəzdində fəaliyyət göstərən bölməsi 2010-cu ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin qeydiyyatından keçdikdən sonra fond və daimi ekspozisiyadan ibarət muzey filialı kimi formalaşmışdır. Birliyinin inzibati binasında yerləşən filialın müasir avadanlıqlarla təchiz olunmuş fond və daimi ekspozisiyası müasir müzeyşünaslıq tələblərinə müvafiq olaraq qurulmuşdur.
Filialın toplusu bir neçə bölmədən ibarətdir: onun bir qismini müasir rəssamların Azərbaycan gömrüyünün keçmişini, milli gömrük xidmətinin vüsətli inkişafını, müxtəlif tarixi mərhələlərdə fəaliyyətini və müasir gününü – gömrük əməkdaşlarının gərgin əməyini vəsf edən rəngkarlıq nümunələri təşkil edir. Kolleksiyada, həmçinin narkomaniyaya qarşı qətiyyətlə mübarizə aparan gömrükçülərin fəaliyyətini və ümumiyyətlə narkomaniyanın mahiyyətini açıqlayan sənət əsərləri: heykəltəraşlıq və rəsm əsərləri, plakatlar, karikaturalar toplanmışdır.
Fondlarda sənətin növləri üzrə bölgü aparılmış və saxlancda kolleksiyanı təşkil edən əsərlər müvafiq olaraq yerləşdirilmişdir. Növündən, təyinatından asılı olmayaraq kolleksiyalarda toplanmış hər bir əşyanın muzeylərdə zədəsiz mühafizəsi, komplektləşdirilməsi, elmi tədqiqat obyekti kimi öyrənilməsi, tədqiqi və təbliği muzey işinin tərkib hissəsidir. Muzeyin fond və daimi ekspozisiyası müvafiq olaraq kompleks mühafizə üçün nəzərdə tutulmuş otaq və avadanlıqlarla, ən müasir təhlükəsizlik sistemləri ilə təmin edilmişdir. Muzey filialının kolleksiyası inventarizasiyadan keçmiş, sənədləşdirmə, qeydiyyat və kompüterləşdirmə, beynəlxalq standartlara cavab verən kataloqlaşdırma işi görülmüşdür.