İpək yolu üzərində Azərbaycan abidələri
İpək yolu üzərində Azərbaycan abidələri — Azərbaycanın İpək yolu üzərində yerləşən abidələri.
== Tarixi ==
"Böyük İpək Yolu" — e. ə. II əsrin axırlarından b.e. XVI əsrinə qədər fəaliyyət göstərən Çindən Şimali Afrika və İspaniyaya qədər aparan karvan yolu olmuşdur. Bu İpək Yolunun üzərində yerləşən və mühüm strateji mövqeyə malik olan Azərbaycan ərazisi Çin ilə Avropa arasında qızıl qapı rolunu oynamışdı.
Azərbaycan qədim zamanlardan bəri Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınmış, artıq V–VI əsrlərdə Azərbaycanın iqtisadiyyatında ipəkçilik mühüm yer tutmuşdur.
Bu səbəbdəndir ki, əvvəlcə ipək, daha sonra ədviyyat, qızıl, gümüş, briliant, mirvari Avropa ölkələrinə daşınımasında Azərbaycanın mühüm rolu olmuşdur.
Qədim Odlar Yurdu hələ antik dövrlərdə "Böyük İpək yolu" zəncirində olduqca önəmli, strateji mövqeyə malik bir region kimi qiymətləndirilirdi. Şərq və Qərb ölkələri ilə bağlanan ticarət yollarının buradan keçməsi səbəbli İpək yolunun üzərində yerləşən Bakı, Bərdə, Gəncə, Şəki, Ərdəbil, Təbriz, Naxçıvan kimi Azərbaycan şəhərləri regionun taleyində, siyasi və iqtisadi inkişafında önəmli rol oynayırdılar.