Baba Kuhi Bakuvi
Baba Kuhi Bakuvi (948, Şiraz – 1037, Şiraz) — Azərbaycan da doğulmuş məşhur şair və alim. X-XI əsrin səyyahı, tədqiqatçısı, mühəndisi.
== Həyatı ==
Bakıdan çox-çox uzaqlarda, Şiraz şəhərində yerli əhalinin və çoxsaylı zəvvarların ziyarətgahına çevrilmiş bir məzar var. Bu məzar barədə çoxlu rəvayətlər danışırlar. Həmin rəvayətlərdən birində deyilir ki, Şərqin dahi sənətkarı, böyük İran şairi Hafiz Şirazi öz poetik vergisini bircə gecə bu məzarın yanında dua oxuyandan sonra qazanmışdır. Başqa bir rəvayətə görə, Şirvanşahlardan birinin qızı öz mərhum sevgilisinə yaxın olmaq, onun qəbrinə və bütün müsəlman aləmindən ziyarətinə gələnlərə qulluq eləmək məqsədilə buraya gəlmiş öləndə isə onun yanında dəfn olunmuşdur. Şirvanlı Baba Kuhi Bakuvi sağlığında belə böyük hörmət-izzət qazanmış və ölümündən sonrakı min il ərzində də daim dərin rəqbətlə xatırlanan şəxslərdəndir. Yeni dövrün mənbələrində ilk dəfə onun adına Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" əsərində rast gəlirik: "Tarixçilərin dediyinə görə, Şeyx Əbu Abdulla Əli bin Məhəmməd Bakılı həm dünyəvi, həm də ruhani elmlər sahəsində seçilirdi. O, uşaqlıq illərindən dövrünün ən görkəmli alimlərindən şeyx Abdulla Xəfifdən, şeyx Əbül-Qasım Quşeyridən və başqalarından dərs almış, məşhur şeyx Əbu Səid Əbül -Xeyrlə elmi mübahisəyə girişmiş və onun biliyini yüksək qiymətləndirən şeyx Əbül-Abbas Nəhavəndi ilə uzun müddət əlaqə saxlamışdır. Ömrünün son illərində o, xəlvətə çəkilərək, Şiraz yaxınlığında bir mağarada yaşamış, Şərqin ən savadlı alimləri burada onun ziyarətinə gəlmişlər.