Antuan Loran Lavuazye
Antuan Loran Lavuazye (26 avqust 1743[…], Paris, Fransa krallığı[…] – 8 may 1794[…], Konkord meydanı, Birinci Fransa Respublikası) — müasir kimyanın banisi.
Antuan Lavuazye' (fr. Antoine Laurent de Lavoisier) – fransız kimyaçısı. 1743-cü ildə anadan olmuşdur.1774-cü ildə havanın tərkibini eksperimental yolla sübut etmiş və flogiston nəzəriyyəsinin yalan olduğunu əsaslandırmışdır.
== Həyatı ==
Lavuazye zəngin bir burjua ailəsində doğulmuşdu. Atası Paris Parlamentinin nəzdində olan 400 vəkildən biri idi və oğlunun da vəkili olmasını istəyirdi, lakin Lavuazye üçün təbii elmlər daha maraqlı idi, belə ki, o eyni zamanda hüquq, riyaziyyat, astronomiya, botanika, mineralogiya, geologiya və kimya üzrə təhsil almışdı.
== Təhsili ==
Lavuazye ilk təhsilini Mazarini Kollecində almış, sonra hüquq məktəbinə getmiş və 1764-cü ildə hüquq üzrə lisenziya almışdı.
Lavuazye hüquq kursunda təhsil alaraq eyni zamanda o dövrdə Parisin ən yaxşı professorlarının rəhbərliyi altında təbii və dəqiq elmləri öyrənmişdir; riyaziyyat və astronomiyanı o , La Kailya adlı məşhur rahibin yanında, botanikanı Bernar de Jüssienin rəhbərliyi altında öyrənmiş, mineralogiya və geologiya kursunu Hettar, kimya kursunu isə Ruelin yanında keçmişdi.
1765-ci ildə Lavuazye Paris Elmlər Akademiyasının tapşırığı ilə yazdığı "Böyük şəhərin küçələrinin ən yaxşı şəkildə işıqlandırılması üsulu haqqında" adlı işini təqdim etmiş və 1766-cı ildə bu iş Akademiyanın qızıl medalına layiq görülmüşdü. 1763–1767-ci illərdə Lavuazye Fransanın mineraloji xəritəsinin tərtib edilməsində Hettara kömək etmək üçün onunla birlikdə bir neçə dəfə səyahətə çıxmışdı.