Maştağa
Maştağa — Bakının Sabunçu rayonunda şəhər tipli qəsəbə. Bir sıra tarixi fərziyyələrə görə, qəsəbə sakinlərinin soykökündə Böyük Kiri döyüşdə məğlub edən və V–VI əsrlərdə Xəzər sahillərində məskunlaşan qədim köçəri türk tayfası durur.
== Tarixi ==
Bakı şəhərinin ən böyük yaşayış məskənlərindən biri hesab olunan, 6 min hektara qədər əraziyə malik Maştağa kəndi (sonralar qəsəbəyə çevrilib) qədim bir tarixə malikdir. Burada Azərbaycanın qədim adət və ənənələri, inam və etiqadları, mifoloji təsəvvürləri, şifahi ədəbiyyatı qorunub saxlanmaqdadır. Daha doğrusu, kəndin əhalisi bütün bunları nəsilbənəsil bir-birinə ötürür və ən gözəl ərmağan kimi bu gün də yaşadır.
Maştağa kəndi öz tarixini burada ucaldılmış, tarixin daş yaddaşına çevrilmiş memarlıq abidələri ilə də təsdiqləyir. Lakin təəssüflər olsun ki, kənddə geniş arxeoloji qazıntılar aparılmadığından, tarixi faktların elmə töhfəsi qənaətbəxş deyildir. Maştağanın orta əsrlərdən bəri 27 hamamı, 21 ovdanı, müdafiə qalası, 20 məscidinin inşaası, tarixi ərazisinin irimiqyaslı ictimai tikililərlə zəngin olması onu Bakıdan sonra ikinci yerə qoyurdu. Bir məhəllədə 5 məscidin, 7 hamamın, 5 ovdanın olması Abşeronda istisna hal idi.
"Maştağa" sözü, bu kəndin özündən əvvəl yaranıb.