Məlamətilik
Məlamətilik — sufi təriqəti.
Xorasanda Həmdun Kəssar (ö. 884-cü il) tərəfindən yaradılmış bu təriqətin təliminin əsasında "məlamət" adlandırılan, insanın günahkar mahiyyətinə görə, ilk növbədə özünü təqsirləndirməsi, məzəmmət etməsi ideyası durur. Buna görə də, təriqət mənsubları Allaha səmimi ibadət etməyi, Onun mərhəmətinə can atmağı önə çəkib, bir çox din xadimlərinə xas olan "möminlik görüntüsü"ndən qaçmağı lazım bilərmişlər.
Məlamətilər mənəvi təcrübələrində, yaxud gündəlik həyatlarında uğurlarından və ya uğursuzluqlarından danışmamağa üstünlük verərmişlər. Onlar sirr saxlamağa böyük həssaslıqla yanaşırmışlar. Məlamətilər mənəvi qapanmanı bəyənməmiş və "tərki-dünyalığı" yalnız cəmiyyət içində yaşamaqla əldə etməyin tərəfdarı olmuşlar. Onların fikrincə, insan gündəlik həyatını olduğu kimi yaşamalı və hər şeyi Allahı xatırlayaraq etməlidir. Allaha hər an yaxın olmaq, Onun adı ilə bütün işləri görmək ideyası məlamətilərin ən yüksək amallarıdır.