Hüseyn Nadim Naxçıvani
Hüseyn Nadim Naxçıvani (Hüseyn Abdulla oğlu Mehdiyevin təxəllüsü; 1871, Naxçıvan rayonu – 1927, Naxçıvan rayonu, Naxçıvan MSSR) — şair.
== Həyatı ==
İlk təhsilini mollaxanada almış, sonra Cəlil Məmmədquluzadənin müəllim olduğu məktəbdə oxumuşdur. Atasını erkən itirdiyindən təhsilini davam etdirə bilməmiş, şəxsi mütaliə yolu ilə ərəb və fars dillərini, İslam tarixini və Şərq klassiklərinin əsərlərini öyrənmişdir. 1918–20-ci illərdə Azərbaycanda milli azadlıq hərəkatında iştirak etmiş, partizan dəstəsində daşnaklara qarşı vuruşmuş, Ələngəz dağı ətrafında ağır yaralanmış və sonralar həmin yaradan da vəfat etmişdir.
== Fəaliyyəti ==
Nadim Naxçıvani ədəbi irsinin xeyli hissəsi itsə də, qalan şerləri onun 19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərində Azərbaycan şeirinin inkişafına töhfə vermiş sənətkarlardan olduğunu göstərir. Əsərlərinin böyük bir qismi klassik üslubda yazılmış dini məzmunlu şeirlərdən (mərsiyə, növhə, sinəzən, qəsidə) ibarətdir. Aşiqanə qəzəl və qoşmaları, ictimai məzmunlu didaktik və satirik şeirləri də var. Bəzi qəzəllərində tərənnüm olunan mücərrəd eşqdən fərqli olaraq, əsasən, real, həyati gözəllikləri vəsf etmişdir. bu cəhət onu Molla Pənah Vaqif və Qasım bəy Zakir realist üslubuna yaxınlaşdırır. İctimai məzmunlu şeirlərində xalq, vətən məhəbbəti başlıca yer tutur.