Murtuzaqulu xan Pörnək-Türkman
Murtuzaqulu xan Pörnək-Türkman (?-1587) — Türkman elinin Pörnək oymağından olan qızılbaş sərkərdəsi.
== Həyatı ==
Murtuzaqulu bəy Mənsur bəy oğlu Təbriz şəhərində anadan olmuşdu. Şahdan öncə sultan, sonra xan ünvanı almışdı.
Murtuzaqulu хan Sultan Şah Məhəmməd Хudabəndə Səfəvinin hakimiyyəti dönəmində Məşhəd (Хorasan) əyalətinin hakimi idi.
Əliqulu xan Şamlı 1581-ci ildə xanlar-xanı titulunu qəbul edib, Abbas mirzəni «şah» elan etmişdi və Xorasandakı bütün Ustaclı və Şamlılar onun ətrafında birləşmişdilər. Bu zaman Məşhədin, yəni Xorasanın yarısının bəylərbəyi olan Murtuzaqulu xan Pörnək-Türkman Əliqulu xanla hesablaşmırdı. Halbuki, o bütün Xorasanın valisi Abbas mirzəyə, həm də onun lələsi və Herat əmir əl-ümərası Əliqulu xana tabe olmalı idi. Onların arasındakı narazılıqlar əvvəl qeyd olunduğu kimi Mirzə Salmanın təhriki ilə daha da artmış və 1582-1583-cü illərdə Ustaclı və Şamlılarla Türkman, Təkəlilər arasında savaşa səbəb olmuşdu. Bu çəkişmələrə son qoymağa çalışan Məhəmməd Xudabəndə də Herata gəlmiş və nahayət çəkişmələrə son qoyulmuş və Əliqulu xan şaha itaət etdiyini bildirmişdi. Əliqulu xanın xahişinə görə Abdulla xan Ustaclının nəvəsi Salman xan Məşhədə hakim təyin edilmiş və Murtuzaqulu xan Türkman Astrabada göndərilmiş, Damğan, Bəstam, Hezarcərib də ona verilmişdir.