Pikə Axundova
Pikə Axundova (Talıblı; 1984, Bakı) — Bəstəkar-pianoçu, pedaqoq, prezident təqaüdçüsü, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Beynəlxalq müsabiqələr və "Gənclər Mükafatı" laureatı.
Pikə Mirzəağa qızı Axundova (Talıblı) 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur.
O, ilk musiqi təhsilini 4 yaşında ikən anasından almış, daha sonra fortepiano ixtisası üzrə, 1989-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin hazırlıq, 1990-cı ildə isə 1-ci sinfinə daxil olmuşdur. 2001-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini 3 şöbə üzrə (fortepiano, bəstəkarlıq, nəzəriyyə) əla qiymətlərlə bitirmişdir.
2001-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq və fortepiano şöbələrinə qəbul olmuşdur. Bəstəkarlıq ixtisası üzrə akademik Arif Məlikov, fortepiano ixtisası üzrə isə Dilarə Mirzəquliyevanın sinfində təhsil almışdır.
2005-ci ildə Magistr pilləsinə qəbul olmuş, 2007-ci ildə həm bakalavr, həm də magistr pilləsini fərqlənmə diplomları ilə bitirmişdir. 2007-ci ildə aspiranturaya qəbul olmuş və 2010-cu ildə yenə də fərqlənmə diplomu ilə bitirmişdir. Hal-hazırda Bülbül adına orta ixtisas musiqi məktəbində və G.Şaroyev adına 11 illik musiqi məktəbində bəstəkarlıq və fortepiano ixtisasları üzrə müəllim vəzifəsində çalışır. Bundan başqa Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi və doktorantıdır.