Saib Təbrizi
Saib Təbrizi (1592, Təbriz – 1676, İsfahan) — XVII əsrdə yaşamış, mənşəcə Azərbaycan türklərindən olan, Azərbaycan türkcəsi və fars dilində yazıb-yaradan klassik Azərbaycan ədəbiyyatının ən tanınmış nümayəndələrindən biri.
Mirzə Məhəmməd Əli Saib Təbrizi 1601-ci ildə Təbriz şəhərində doğulmuş və ibtidai təhsilini də burada almışdır. Atası Mirzə Əbdürrəhim tacir idi və məşhur təzkirəçi Nəsrabadinin yazdığına görə, dərin etibar qazanmışdı. Ata babası Şəms əd-Din Məhəmməd Təbrizi bütün şərq dünyasında "Qələmi şirin" adı ilə tanınmış çox mahir xəttat idi.
XVI əsrin axırlarında, I Şah Təhmasibin zamanında Təbriz osmanlılar tərəfindən işğal olunmuşdu. Şəhər azad edildikdən sonra I Şah Abbas bir çox təbrizliləri İsfahana köçürür. Saibin atası da köçürülənlərin arasında idi. Saib öz təhsilini və poetik fəaliyyətini İsfahanda davam etdirir. O, dövrün görkəmli alimlərindən Kaşi və Şəfaidən dərs alır. Təhsilini bitirəndə artıq onu İsfahanda savadlı ziyalı və istedadlı şair kimi yaxşı tanıyırdılar.