M.Ə.Sabir
Mirzə Ələkbər Sabir (doğum adı: Ələkbər Zeynalabdin oğlu Tahirzadə; 30 may 1862, Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 12 (25) iyul 1911, Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası) — Azərbaycan şairi, inqilabçı-satirik, mütəfəkkir, ictimai xadim və müəllim.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mirzə Ələkbər Sabir Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
== Həyatı ==
Ələkbər Zeynalabdin oğlu Tahirzadə 1862-ci il mayın 30-da Şamaxıda anadan olmuşdur. Atası kiçik sahibkar idi və oğlu səkkiz yaşına çatanda çobanlıq etməsin deyə onu mollaxanaya qoymuşdu.
M. Ə. Sabir 12 yaşına qədər mədrəsədə oxumuş, sonra isə 1874-cü ildə Bakı quberniya məclisinin Şamaxıdakı ruhani məktəbində – maarifpərvər şair Seyid Əzim Şirvaninin yeni üsullu məktəbində oxumuşdur. Müəllimi Seyid Əzim, Ələkbərə fars dilindən şeirlər tərcümə etdirir və onu istiqamətləndirir, eləcə də onun tərcümələri ilə yanaşı orijinal şeirlərini də oxuyub redaktə edirdi. Sabirin ilk məlum tərcüməsi Sədinin Gülüstan əsərindən "Didəm güli-tazə çənd dəstə" misrası ilə başlanan mənzum hekayənin bir parçasıdır. Mirzə Ələkbərin həmin parçadan etdiyi tərcümə belə başlayırdı:
Daha sonra atası Ələkbəri təhsildən ayırıb öz dükanında köməkçi işlədir. Bununla belə, Ələkbər yenə də oxuyub yazmağında davam edir. Dostu Abbas Səhhətin yazdığına görə, Sabir alış-verişdən daha çox oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası hirslənib tez-tez onu məzəmmət edirmiş, hətta bir dəfə şeir dəftərini də cırıbmış.