Sizif haqqında mif
Sizif haqqında mif (fr. Le Mythe de Sisyphe) — fransız yazıçı Alber Kamünün kitab həcmindəki fəlsəfi essesi. Essenin orijinalı 1942-ci ildə, Castin O'Brayen tərəfindən tərcümə edilmiş ingiliscə versiyası isə ilk dəfə 1955-ci ildə çap olunur.
Sorn Kyerkeqor, Artur Şopenhauer, Fridrix Nitsşe kimi filosoflardan təsirlənən Kamü özünün absurd fəlsəfəsini irəli sürür. Absurdizm insanın "öz həyatına məna qatmaq" kimi ən təməl ehtiyacına kainatın "yersiz sükut"la qarşılıq verməsidir. Kamü insan həyatının absurdluğunu yunan mifologiyasındakı Sizif obrazının vəziyyətinə bənzədir. Belə ki, tanrılar onu iri bir daş parçasını dağ ilə üzüyuxarı qaldırmaqla cəzalandırırlar və o, daşın sonda yenə də aşağıya yuvarlanacağını bildiyi halda, bu mənasız tapşırığı ömrünün sonuna qədər yerinə yetirməyə məhkumdur.
Esse ilə Kamünün Yad romanı (1942), Anlaşılmazlıq (1942) və Kaliqula (1944) tamaşaları, xüsusilə də Üsyan (1951) essesi ilə arasında müəyyən oxşarlıqlar nəzərə çarpır.
Kamü esse üzərində işləməyə 1940-ci ildə Fransanın işğal olunduğu, yəni milyonlarla insanın alman ordusundan qaçdığı dövrdə başlayır. Essedə yazılanların bu hadisə ilə birbaşa demək olar heç bir əlaqəsi olmasa da, gözü qarşısında baş verənlər Kamüyə absurdu anlamağa daha çox kömək edir.