Suraxanı rayonu
Suraxanı rayonu (1934–1990 Orconikidze rayonu) – Bakıda inzibati rayon. Bülbülə, Əmircan, Qaraçuxur, Yeni Günəşli, Yeni Suraxanı, Hövsan, Zığ qəsəbələri və Dədə Qorqud yaşayış sahəsi bu rayona aiddir.
Suraxanı toponimi tat leksikasına mənsubdur. Məlumdur ki Suraxanıda qədimdən irandilli tatlar məskunlaşmışlar. Suraxanı toponimi iki komponentdən ibarətdir: surax — fars və tat dillərində çala, çuxur, oyuq, deşik, xanı isə mənbə, qaynaq, çeşmə, fəvvarə deməkdir. S. Aşurbəyli yazır ki, "Suraxanı oyuqdan, deşikdən qaynayıb daşan, fəvvarə vuran deməkdir."
Suraxanı rayonunun əsası 1920-ci ilin may ayında qoyulub, rayon olaraq isə yenidən 3 noyabr 1934-cü ildə yaradılıb, 18 aprel 1990-cı ilədək Orconikidze rayonu adlanırdı. Həmin tarixdən isə Bakı şəhərinin Orconikidze rayonu Suraxanı rayonu adlandırıb.
Od məbədi olan "Atəşgah" Bakının 30 kilometrliyində, Abşeron yarımadasında Suraxanı qəsəbəsinin cənubi-şərq hissəsində yerləşir. Məbəddə Düma, Mendeleyev, Vereşşagin, professor Berezin, akademik Dorn kimi məşhur alim və səyyahlar qalmışlar. "Atəşgah"ın sahəsi 1368 m2 və yaxud 0,14 ha-dır."Atəşgah" məbədi Azərbaycan SSR Nazirlər Sovetinin 03.01.1964-cü il tarixli, 3 saylı qərarı ilə yaranmışdır.