Təxti-Tavuz yurdu
Qaraköpəktəpə və ya Taxtı-Tavus — Azərbaycanın Füzuli rayonu ərazisində qədim yaşayış yeri. Yaşayış yeri Köndələnçayın sağ sahilində yerləşir. Abidə konusvari təpə formasındadır. Abidənin üzərindən toplanan yerüstü materiallar Eneolit dövründən başlayaraq Orta əsrlərə qədər uzun bir dövrü əhatə edir. Yaşayış yerində 1967-ci ildən başlayaraq 300 m2 sahədə tədqiqat aparılmışdır.
Tarixçi Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərində bu abidə Qaraköpəktəpə və Taxtı-Tavus adları ilə qeyd olunub. XIX əsr tarixçisi Mirzə Adıgözəl bəyin “Qarabağnamə” əsərində də Qaraköpəktəpənin adı bir neçə dəfə çəkilir və elmi məlumatlar verilir. Daha sonra burada araşdırmanı alman mənşəli həvəskar arxeoloq E.A.Resler, sonra isə Moskva İmperator Arxeoloji Cəmiyyətinin üzvü A.A.İvanovski aparıb. Tədqiqat nəticəsində rus arxeoloqu abidənin ölçüsünü dəqiq müəyyən edib. Amma onların tədqiqatları sistemli olmayıb.