Günəşin övladları (mif)
Günəşin övladları — azərbaycanlıların mifologiyasında təbiət cisimləri ilə bağlı anlayış. Qaynağı Azərbaycan ritual nəğmələridir.
== Ritual nəğmələrində təsviri ==
=== Birinci versiya ===
Kainatın yaradıcısı və idarəçisi olan Günəşin həddin artıq övladları, nəvə və nəticələri var. Qış aylarında o, yaratdığı dünyanı övladlarına tapşıraraq kəhər atın üzərində səyahətə çıxır, kainatı gəzib-dolaşır. Gün Atanın övladlarından Qış, Duman və Bulud (Keçəl qız) onun istəklisi Şüanı (Saçlı qızı) əsir edib, təndirə salırlar.
Qış, Duman və Bulud Saçlı qızın törəmələri və Gün Atanın istəkli nəvələri olan insanlardan üz döndərir, onları Soyuğun, Şaxtanın və Qarın ixtiyarına buraxırlar. Qış, Duman və Bulud meşələri, çəmənləri, dağları işğal edir, canlılara əziyyət verirlər. Günəşin dağların ardında yoxa çıxdığını görən insanlar fikirləşirlər ki, o, xəstələndiyinə görə evində yatır, buna görə də ətrafı Qara bürüyüb. İnsanlar Qışın azğınlığını dayandırmaq üçün Yel Babanı Günəşin yanına göndərirlər. Günəş geri qayıtdıqdan sonra Saçlı qızı əsirlikdə olduğu təndirdən xilas edir, naxələf övladlarını cəzalandırır.