Biharul-Ənvar
Biharul-Ənvar (azərb. Nurlar dəryası) və ya tam adı ilə Biharul-ənvaril-camiəti lidurəri əxbaril-əimmətil-əthar (azərb. Pak və məsum imamların hədislərindən gövhərləri əhatə edən nurlar dəryası) — Əllamə Məhəmməd Baqir Məclisinin XVIII əsrdə ərəb dilində yazdığı islami-ensiklopedik kitab.
== Haqqında ==
Kitab şiə hədis elmində böyük ensiklopediya hesab olunur. Bütün dini məsələləri, o cümlədən Quran təfsiri, tarix, fiqh, kəlam və s. kimi məsələləri əhatə edir.
"Biharul-ənvar" kitabı ən əhatəli şiə hədis məcmuəsi olub orada Quran ayələrinin ümdə bir hissəsinin təfsiri ilə yanaşı, babların başlıqları və mövzulara uyğun olaraq onda dərc olunmuş və təqribən bütün nəbəvi hədislər, bəzi qüdsi hədislər və Əhli-beytin rəvayətləri və maarifi bir yerə toplanmışdır.
Bu kitab bütün etiqadları, dinin əsaslarını, nəzəri və əməli bölümlərini, iman, küfr, əhkamın bütün şöbələrini və bu kimi digər mövzuları müxtəlif bablarda, Allah Rəsulunun (s) və VIII əsrədək imamların səhabələrindən böyük şəxsiyyətlər barəsində məlumatları, elmi və təcrübi fikir və rəyləri, təxminən bütün tibbi, astronomik, riyazi görüşləri, ictimai maarifi, adət-ənənələri, mərasimləri, şiənin tarixi və mədəni yönlərini, əsatirləri, Adəmdən Xatəmə bütün peyğəmbərlərin qissələrini onların ismətinin isbatını, şiənin ümumi mədəniyyətini, folklorunu və xülasə İslamın bütün düşüncə, əməl, əqaid və əhkamı ilə bağlı bütün məsələləri ehtiva edir.
"Biharul-ənvar" böyük və qiymətli bir xəzinədir ki, Əllamə Məclisi onun toplanıb ərsəyə gəlməsində çox zəhmət çəkmişdir. Bəzi böyük alimlərə görə onun bənzəri nə şiə aləmində, nə də ki digər İslami məzhəblərdə qələmə alınmamışdır.