Allium sativum subsp. asiae-mediae
Sarımsaq (lat. Allium sativum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Sarımsaq ağımtıl rəngli soğanaqlı bitkidir. Dadı çox kəskin yandırıcı olmaqla yanaşı, özünəməxsus ətirli iyi vardır. Sarımsaqdan Şərq təbabətində çox qədim zamanlardan dərman kimi bir sıra xəstəliklərə qarşı istifadə olunur. Məsələn, xroniki mədə-bağırsaq xoralarının müalicəsində, zəiflikdə, avitaminozda, zob xəstəliklərində və s. Tərkibində "fitonsid" maddəsinin mövcudluğundan, sarımsaq son dərəcə qüvvətli bakterisid təsirə malikdir. Sarımsaqdan alınan "allisin" maddəsinin çox qüvvətli bakterisid təsiri vardır. Onun on mində bir nisbətini su ilə durulaşdırdıqda belə yenə də bakteriyalara öldürücü təsir göstərir, onların inkişafını dayandırır. Son illərdə aparılan tədqiqatlar nəticəsində sarımsağın tərkibində bir sıra müalicə əhəmiyyətli maddələrin olduğu müəyyən edilmişdir.