Cəlil Cavadov
Cəlil Məmmədəli oğlu Cavadov (1 avqust 1918, Fatmayı, Bakı qəzası – 6 fevral 1980, Bakı) — Azərbaycan-sovet sərkərdəsi, kontr-admiral (1968), Azərbaycan və SSRİ-nin türk-müsəlman xalqlarının tarixində ilk admiral, Azərbaycan SSR Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyətinin (OADKYC) Respublika Komitəsinin sədri (1954–1971), Azərbaycan SSR Ali Sovetinin 5-ci çağırış (1959–1963) deputatı.
Cəlil Cavadov Böyük Vətən müharibəsi zamanı Qara dəniz, Şimal dənizi, Baltik dənizində, eləcə də Dunay çayında keçirilən hərbi əməliyyatlar zamanı desant çıxarılması və bir sıra şəhərlərin təxliyə olunmasında iştirak etmişdir. O, döyüşlərdə və OADYKC-da xidmətlərinə görə 2 dəfə "Qırmızı Ulduz" ordeni və bir sıra medallarla təltif olunmuşdur.
== Erkən həyatı ==
Cəlil Məmmədəli oğlu Cavadov 1918-ci il avqustun 1-də Abşeronun Fatmayı kəndində ziyalı ailəsində anadan olmuşdur. Bəzi məqalələrdə anadan olma ili 1916-cı il göstərilsə də, nikah haqqında şəhadətnamədə və xüsusən də partiya xasiyyətnamələrində (sovet dövründə vəzifəyə təqdimat yazılarkən xasiyyətnaməyə xüsusi diqqət yetirilirdi) 1918-ci il göstərilib. Atası Məmmədəli Cavadov (1882–1946), Fatmayı kəndinin sakini olub, tanınmış neft milyonçusu və xeyriyyəçi Musa Nağıyevin şirkətlərindən birində müdir işləyib, sovetlər dövründə neft sənayesində çalışıb. Anası, Həmidə Cavadova (1890–1929) Fatmayı kəndinin sakini, evdar qadın olub. Həmidə xanımın atası Fatmayı məscidinin axundu və məktəb nəzdindəki məktəbin müdiri Daşdəmir Rzayev idi.
=== Təhsili ===
Cəlil Cavadov 1929-cu ildə Fatmayı kəndində məktəb bitirmiş, 1930–1935-ci illərdə Bakıda N.Nərimanov adına Sənaye Texnikumunun kimya fakültəsində oxumuşdur. Texnikumu bitirdikdən sonra "AzNeft" birliyinin Azqazkontorunda texnik-kimyaçı vəzifəsinə işə qəbul olunub.