Emma Goldman
Emma Qoldman (27 iyun 1869[…], Kaunas, Kovno quberniyası[d], Rusiya imperiyası – 14 may 1940, Toronto) — Anarxist yazıçı. XX əsrin ilk yarısında ABŞ və Avropada anarxist görüşün yayılmasında və inkişafında böyük rol oynamışdır.
== Həyatı ==
Emma Qoldman 27 iyun 1869-cu ildə, Litvada yəhudi ailəsində anadan olmuşdur. Valideynlərinin kiçik mülk sahibləri olduğu Popelan kəndində böyüyən Emma Qoldman 13 yaşı olarkən ailəsiylə birlikdə Sankt-Peterburqa köçdü. Burada 6 ay məktəbdə oxuduqdan sonra ailəsi tərəfindən təhsili dayandırıldı və bir fabrikdə işləməyə başladı. Atasının tez-tez döydüyü və 15 yaşı olarkən məcburən evləndirmək istədiyi Emma Qoldman bununla razılaşmadı və Amerikaya ögey bacısının yanına köçdü. Bura yerləşdikdən az vaxt sonra Şərqi Avropadan gələn digər immiqrantlar kimi bir fabrikdə işləməyə başladı. 17 yaşı olan gənc Emma Qoldmanı anarxizmə yönəldən, 4 may 1886-cı ildə Çikaqonun Haymarket meydanındakı anarxistlərin keçirtdiyi mitinqdə bir polis qrupuna qumbara atılması və bu hadisənin səbəbkarı kimi 5 anarxistin həbsi, "anarxist olduqları üçün" dördünün edamı, birininsə edamından əvvəl özünü öldürməsi oldu. Bu hadisələr bir nəslin şüurunu formalaşdırmaqla yanaşı Emmanın da düşüncələrində yeni bir yol açmış oldu. Emma Qoldman Çikaqolu anarxistlərin edamı günü inqilabçı olmağa və edam olunan anarxistlərin ideyalarını yaşatmağa qərar verdi.