Ülvi Camal Erkin
Ülvi Camal Erkin (14 mart 1906, Konstantinopol – 15 sentyabr 1972 və ya 15 oktyabr 1972, Ankara) — türk bəstəkar, pianoçu, dirijor və pedaqoq.
Piano çalmağı uşaq olarkən anasından öyrənmişdir. 1960–70-ci illərdə Ankara Konservatoriyası orkestrinin və Opera Teatrının dirijoru olmuşdur. 1971-ci ildə Dövlət sənətkarı adını almışdır. Parisdə başladığı "İki dans" adlı əsərini Ankarada tamamlamış, premyerası 1931-ci ildə Rəyasəti-Cumhur Filarmoniyasında olmuşdur. Ankara Dövlət Konservatoriyasında fortepino bölməsinin rəhbəri, 1949–57-ci illərdə isə rektoru vəzifələrində çalışmışdır. Bəstəkar Necil Kazım Akseslə birlikdə "Karmen", "Aida", "Fidelio" kimi bir çox məşhur opera əsərini türk opera repertuarına daxil edərək, səhnəyə qoymuşdur. Bəstəkarların 1943-cü il müsabiqəsində iki konsertlə çıxış etmiş, "Fortepiano üçün konsert"i mükafata layiq görülmüşdür. Müasir musiqinin ifadə vasitələrindən istifadə edən Erkin 2 simfoniyanın, violin, fortepiano ilə orkestr üçün konsertlərin, caz kvarteti, orkkestr üçün rapsodiya və digər əsərlərin müəllifidir. Milli cəhətləri müasir bəstəkarlıq texnikası vasitələri ilə ustalıqla uzlaşdırırdı.