Meningit
Meningit — baş beyin və onurğa beyni qişalarının iltihabi xəstəliyi.
Bütün yaş qruplarında rast gəlinir. Hava-damcı yolu ilə keçir. Bəzi bakteriyalar (meninqokoklar, pnevmokoklar, streptokoklar, haemophilus, vərəm çöpləri, qarın yatalağı çöpləri, listeriyalar), viruslar (enteroviruslar, I və II tip sadə herpes virusu, epidemik parotit virusu, arboviruslar), parazitlər (amöb, malyariya) və göbələklər tərəfindən törədilir. Müxtəlif ağırlıq dərəcələri və təzahürləri (yüngül nazofaringit və meninqokokk gəzdiriciliyindən yayılmış meninqokokkemiya və meninqoensefalitə qədər) olur. Mümkün olan fəsadları: baş beynin ödemi, infeksion-toksik şok, karlıq, hidrosefaliya, qıcolmalar, psixi dəyişikliklər, böyrəküstü vəzin çatışmazlığı və s.
XX əsrin əvvəllərindən meninqokokk infeksiyası bütün qitələrdə qeyd olunur və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə (2007-ci il) inkişaf etmiş ölkələrdə hər 100 000 əhaliyə 5–10 hadisə baş verir, inkişaf etməkdə olan ölkələrdə isə meningit nəzərə çarpan dərəcədə çox təsadüf olunur. XX əsrin 50–70-ci illərində ən yüksək xəstələnmə göstəriciləri Afrika ölkələrində qeydə alınırdı və bu region "meningit zonası", yaxud "meningit qurşağı" adlanırdı. 70–80-ci illərdə dünyanın 40 ölkəsində, o cümlədən Sovet İttifaqında da bu xəstəliyə rast gəlinirdi.
Meninqokokk gəzdiriciliyinin olması
Mütəşəkkil kollektivlərdə sıxlıq, xüsusilə yataq otaqlarında uzunmüddətli ünsiyyət
Temperatur və rütubət rejiminin pozulması
İmmunoloji reaktivliyin aşağı düşməsi
Xəstənin peşəsi (məs: suvaqçılar çox zaman göyərçin ifrazatı ilə təmasda olur ki, bu da kriptokokların mənbəyidir).